Sülh istəyən iddiasından əl çəksin - Natiq Miri

20:19 14.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qardaş Türkiyə ilə Azərbaycan arasında Şuşada imzalanan Bəyannamə regionda və Qarabağda gözü olanlara “dur” nöqtəsidir

Region mühüm hadisələrə şahidlik etməkdədir. Bölgə üzərində öz gücünü və zəfərini təmin etmək istəyən Avropa, Qərb, Rusiya savaşı bitmək bilmir. Proseslərə Cənubi Qafqaz və digər dövlətlərin, sadəcə seyrçi qalması mümkünsüzdür. Bölgə istər-istəməz özünün təhlükəsizliyini təmin etmək üçün yeni müttəfiqlər tapıb, mühüm addımlar atmağa məhkumdur. Bu və ya digər məsələlərlə bağlı müsahibimiz politoloq Natiq Miridir:

– Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümüdür. Bəyannamə bugünün qlobal gərginliyi fonunda regionun təhlükəsizliyi və perspektiv üçün əhəmiyyətliliyini hansı dərəcədə ortaya qoyur?

– Qardaş Türkiyə ilə Azərbaycan arasında Şuşada imzalanan Bəyannamə regionda və Qarabağda gözü olanlara “dur” nöqtəsidir. Ən ciddi təhlükəsizlik çətiri kimi, həm də geosiyasi çəkindirici məqamdır. Qardaş Türkiyə təkcə regional deyil, qlobal səviyyədə də hər kəsin nəzərə almağa məcbur olduğu bir güc mərkəzidir. Türkiyə getdikcə təkbaşına deyil, özü-özünə yetərli olan bir dövlətə çevrilir. Bu da ən azından, hərbi sahədə Türkiyəyə təzyiq mexanizmlərini minimuma endirir. Bu, çox önəmlidir.  Ona görə də Şuşa Bəyannaməsinin əhəmiyyətini doğru-dürüst anlamaq lazımdır. Bundan  irəli gələn bir çox məsələ var. Bu, sadəcə, Türkiyə-Azərbaycan arasında bir müttəfiqlik bəyannaməsi deyil, eyni zamanda, gələcəkdə əhəmiyyətli güc mərkəzlərinə çevriləcək türk birliyinə nümunədir. Düşünürəm, bu istiqamətdə ciddi siyasət aparılır və bu yöndə inteqrasiyanı daha da gücləndirmək doğru olardı.  Yaxın zaman çərçivəsində çevik, peşəkar türk dövlətləri birliyinin qoşun növü yaradılmalıdır. İlkin olaraq bu, minimal 20 min nəfərlik sayda ola bilər. Bu say gələcək perspektivdə peşəkarların hesabına artırıla bilər. Bu çevik güc istənilən türk coğrafiyasında baş verən müdaxilə və fövqəladə hadisələrə qarşı duracaq. Bu isə vəziyyəti aradan qaldıra biləcək gücdə və təchizatda olmalıdır. Buna bütün türk cümhuriyyətlərinin ehtiyacı var və düşünürəm,  bu yöndə işlər gedir. Sadəcə, bunu bir qədər sürətləndirməyə ehtiyac var. Təbii ki, paralel olaraq dil, ticari, iqtisadi birlik və digər infrastrukturların birgə istifadəsi, gömrük və digər məsələlərlə bağlı işləri sürətlə aparmaq lazımdır. Ona görə də Şuşa Bəyannaməsi şəklinə daha böyük mənzərədən baxmağa ehtiyac var. 

– Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi növbəti Zirvə görüşü nəzərdə tutulur. Bu, hansı hazırlıqlarla bağlıdır? Oradan Zəngəzur, dəhliz məsələsi necə görünür?

– Türk Dövlətləri Təşkilatının keçirdiyi hər bir görüş, istər Şuşada olsun, istərsə də başqa türk dövlətlərinin birində, bu, bütün hallarda inteqrasiyanı daha da sürətləndirir. Bununla yanaşı, dövlətlər bir-birindən müəyyən mənada müsbət anlamda nümunələr götürürlər. Eyni zamanda, bu, qarşılıqlı etimadı da gücləndirir ki, bu da çox vacib amildir.  Qarşılıqlı etimad, birgə qayə olduğu təqdirdə, gerisi təfərrüat olur. Ona görə də ilkin olaraq, ideoloji maraqları birləşdirmək lazımdır ki, bütün fəaliyyət buna yönəlik aparılsın. Bu mənada, növbəti Şuşa görüşünü təkcə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə yönəltsək, bu, Türk Dövlətləri Təşkilatının hədəflərini zəiflətmək olardı. Türk dövlətləri bir olduğu təqdirdə, nəinki Zəngəzur, bütün problemlər avtomatik həll olunacaq. Dünyanın böyük dövlətləri bizimlə hesablaşmaq məcburiyyətində qalacaqlar. Nəzərə alın ki, bu coğrafiya Anadolunu - dünyanın mərkəzini, eyni zamanda, Cənubi Qafqazı və Mərkəzi Asiyanı ehtiva edir. Bu, dünyanın döyünən ürəyi olan bir coğrafiyadır – Avrasiyadır.  Avrasiyada kim güc olacaqsa, dünyaya da bu güc mərkəzi hökm edəcək. Ona görə də Zəngəzur dəhlizinə bu yandan baxmaq lazımdır.  Məsələyə bu kontekstdən yanaşanda Zəngəzur çox kiçik bir məsələ kimi görünür.

– İki türk qardaş ölkənin başçıları həftənin ilk günündə Ankarada görüşdülər. Orada regionun gələcəyi ilə bağlı, şübhəsiz, bir çox məsələlər müzakirə olunub. Hansı addımların atılacağı gözlənilir?

– İki qardaş ölkə Prezidentləri arasında keçirilən Ankara görüşü regionda baş verən proseslərlə əlaqəlidir. İstər Türkiyə ətrafında, istər Cənubi Qafqazda, Azərbaycanda, eyni zamanda, Ermənistan-Azərbaycan arasında sülh kontekstində baş verən hadisələrlə bağlıdır. Bütün bu həssas məsələləri müzakirə etmək üçün görüşməyə ehtiyac yaranıb. Azərbaycan Prezidenti iyunun 11-də Ankaraya səfər etdi. Bir çox həyati məsələlər var ki, bunlar iki qardaş dövlət rəhbəri arasında koordinasiya olunur. Vacib olan budur. Qarşılıqlı məlumatlar verilir, analiz olunur və birgə qərarlar qəbul edilir. İstər Ermənistan-Azərbaycan sülh məsələsi, istər Zəngəzur dəhlizinin açılması, istər Ukrayna-Rusiya müharibəsi kontekstində Rusiya-Qərb qarşıdurması, Cənubi Qafqaza Qərbin, Rusiyanın müdaxiləsi və Cənubi Qafqazı çatışma mərkəzinə çevirmək istəkləri, paralel olaraq, İran amili və s. bütün bunların hamısı müzakirə predmetidir. Bilirsiniz ki, Suriyanın şimalında bir terror dövləti yaratmaq planı ortaya çıxıb.  Suriyanın şimalındakı terrorçular Amerikanın nümayəndəsi Mak Kurkun vasitəsilə bir seçki oyunu keçirmək istəyirdilər. Sonradan bunu legitimləşdirməklə muxtariyyət səviyyəsinə qaldırıb, müstəqil dövlət kimi təqdim etsinlər…

Bütün kompleks məsələlər iki dövlət arasında müzakirə predmeti olub  və bu, o qədər vacibdir ki, Azərbaycan Prezidenti təcili surətdə Ankaraya səfər edib. Digər məsələlərin də  koordinasiya olunub, həll edilməsi üçün Prezidentin köməkçisi səviyyəsində Türkiyənin vitse-prezidenti ilə görüş təşkil olundu və xarici işlər naziri Ceyhun Bayramov telefonla Hakan Fidanla danışdı. Deməli, bütün əhatəli məsələlərin hamısı  müzakirə predmeti olub və bu məsələlərin hər biri iki qardaş ölkə üçün olmazsa-olmazdır.

– Qərb Cənubi Qafqazda qurduğu oyunlarla Rusiyanı regiondan nə dərəcədə uzaqlaşdıra bilib?

– Hələlik, Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması siyasəti Qərbin xeyrinə həll olunmayıb. Ortada ram edilməyən Azərbaycan var. Başqa bir tərəfdən, Ermənistan vasitəsilə Rusiyanı sıxışdırmaq istəyirlər ki, bu yöndə müəyyən dərəcədə Ermənistan-Rusiya münasibətlərinə xələl gəlib. Ermənistan Rusiyanın nüvəsi olduğu təşkilatlarla əlaqəni, demək olar ki, kəsib. Ermənistan özünü Rusiyanın təhlükəsizlik çətiri altında görmür və bunu açıq bəyan edir. Başqa bir tərəfdən, Avropanın Cənubi Qafqaza giriş qapısı olan Gürcüstan faktı var. Bütün Qərbin təzyiqlərinə rəğmən, Gürcüstanla bağlı Rusiyanın qəbul etdiyi casusluq haqqında qanun qəbul olundu. Dolayısı, Gürcüstanı tamamilə ram etmək istəyən Qərb, əslində, Rusiya qarşısında 1:0 geridə qalır. Qanun qəbul olundu və bu kontekstdə Qərb Gürcüstana sanksiyalar tətbiq etmək istəyir. Ona görə də Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb-çıxarmaq o qədər də asan olmayacaq. Bunun üçün Azərbaycanın da maraqlarını təmin etmək lazımdır. Çox təəssüf ki, 44 günlük savaş, 1 günlük antiterror əməliyyatları da daxil olmaqla, bütün proseslərdə Qərb dünyası anti-Azərbaycan mövqeyi ilə fərqləndi. Ona görə də Azərbaycan xarici oyunçuların bu regionu mübarizə çəkişməsinə çevirməsində maraqlı deyil. Qərbin regionla bağlı istədiyi layihələr, hələ ki, alınmayıb. Ermənistan vurnuxur, amma  Rusiyanın nüvəsi olduğu heç bir təşkilatdan çıxa bilməyib. Ermənistanın iqtisadi, ticari, enerji və digər məsələlərlə bağlı ciddi asılılığı var.
Bunu əvəzləyə biləcək alternativlər yaradılmayıb, yaxın zaman çərçivəsində də bu, mümkün görünmür.

– Ermənistanın xarici işlər naziri amerikalı diplomatlarla görüşündə sülh müqaviləsindən danışıb. ABŞ-nin bu prosesdəki rolu, mövqeyi necədir?

– O`Braynla Mirzoyanın görüşü, əsasən, strateji dialoqla bağlıdır. Təbii ki, Azərbaycan-Ermənistan sülh prosesi  müzakirə olunub. Burada Mirzoyanın bəyan etdiyi kimi, sülh müqaviləsinin imzalanması üçün tarixi bir imkan mövcuddur.  Ermənistan bu imkandan yararlanaraq, sülh müqaviləsini imzalamaq istədiyini bəyan edib. Əminəm ki, Braynla görüşdə Azərbaycan Prezidentinin son iki şərtini də vurğulayıb. ABŞ delimitasiya, demarkasiya prosesinin yalnız Almatı bəyannaməsi çərçivəsində, konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı şərtlərin olmadığı şəraitdə bağlanmasını istəyir.  Ermənistan da bunu istəyir.  Azərbaycana isə təminatlar lazımdır.  Hüquqi təminatlar olmadan bu, mümkün deyil. Əgər Ermənistan konstitusiya şəklində ərazi iddiasını təsbit edibsə, imza atdıqları sülh sənədi yalnız tullantı üçün yararlıdır.  Ona görə də ABŞ-nin, Ermənistanın və yaxud kimin olursa-olsun istəklərinə rəğmən,  Azərbayacan özü üçün bütün təminatlarını almadan sülh müqaviləsini imzalamayacaq. Sülh istəyən buyursun, konstitusiyasındakı ərazi iddiasını dəyişdirsin.